MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“Eurovision-2012”nin qalibi Lorin: Mən Azərbaycan xalqını çox sevdim
Bakı, 27 may (AZƏRTAC). Jurnalistlərin suallarını cavablandıran Lorin “Eurovision-2012” mahnı müsabiqəsindən yalnız müsbət enerji aldığını, diqqət mərkəzində olmamağa çalışdığını bildirmişdir. Qələbəyə görə onu dəstəkləyən hər bir kəsə təşəkkür edən Lorin bu uğurun həm də onların qələbəsi olduğunu demişdir.
Müğənninin anasının mətbuat mərkəzinə daxil olması onun üçün əsl sürpriz olmuşdur.
Lorin “Azərbaycandan vətəninə nə aparmaq istəyərdi?” sualının cavabında demişdir: “Mən Azərbaycandan vətənimə insanlarla görüşlərimi və xatirələrimi aparmaq istərdim. Rusiyalı nənələri çox sevdim. Onlar mənə boyunbağı bağışladılar. Mən bu qələbəni öz tərzimdə qeyd edəcəyəm: yaxşı rəqs, yemək və istirahətlə. Məncə, müsabiqənin bütün iştirakçıları qələbəyə layiqdirlər. Qaldı ki mənim ifamı bəyənmək məsələsinə, bu, sadəcə zövq məsələsi idi. Düşünürəm ki, bu dəfə bu, mənə nəsib oldu”.
Mətbuat konfransında “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand Lorinə təbriklərini çatdırmış, İsveç nümayəndə heyətini Cenevrəyə dəvət etmişdir.
Yan Ola Sand demişdir: “Sizi Cenevrədə Avropa Yayımları Birliyində məsləhətləşmələr aparmağa dəvət edir, hazırlıq prosesinə başlamaq üçün lazımi sənədlər toplusunu Sizə verirəm. Bu müsabiqəni İsveçdə keçirməkdən məmnun olardıq”.