MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
“Eurovision -2012” mahnı müsabiqəsinin finalında Ukrayna təmsilçisinin ifası alqışlarla qarşılamışlar
Bakı, 27 may (AZƏRTAC). Ukraynanı “Eurovision -2012” mahnı müsabiqəsində təmsil edən Qaytana Essami musiqi yarışmasının finalında “Baku Crystal Hall”un səhnəsinə 25-ci çıxmışdır.
AZƏRTAC xəbər verir ki, 57-ci “Eurovision” mahnı müsabiqəsində “Be my guest” mahnısını ifa edən xanım müğənni ağ uzun paltarda səhnəyə çıxmışdır. Yüksək səs diapazonuna malik təmsilçinin ifa etdiyi mahnı və onun fonunda nümayiş etdirdiyi jestlər hərarətlə qarşılanmışdır.
Ukraynalı təmsilçinin mahnısının quruluşunda diqqəti cəlb edən əsas cəhət isə rəngarəng səhnə üslubu olmuşdur. Müğənninin arxa fonundakı iri monitorlarda rəngli heykəllərin rəqsləri, müxtəlif hərəkətləri və həmçinin tez-tez dəyişən kadrlar nümayiş etdirilmişdir.
Qaytana Essamini müşayiət edən rəqqaslar isə çox parlaq rənglərdə olan geyimləri ilə müğənninin mahnısını tamamlamışlar.
Beş yaşınadək Konqoda yaşamış Qaytana Essami müğənnilik karyerasına 1991-ci ildə başlamışdır. İlk musiqi albomu 2003-cü ildə çıxan ukraynalı təmsilçi ölkəsinin milli seçim mərhələsinin finalında 21 ifaçı ilə yarışmışdır. Müğənni milli seçim mərhələsində qələbə qazanaraq “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək hüququ əldə etmişdir.