MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Mayın 26-da “Eurovision-2012” mahnı müsabiqəsinin final şousu möhtəşəm atəşfəşanlıqla açılacaqdır
Bakı, 26 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 26-da saat 00:00-da "Baku Crystal Hall"da “Eurovision-2012” mahnı müsabiqəsinin final şousu başlayacaqdır.
AZƏRTAC xəbər verir ki, “Eurovision-2012” mahnı müsabiqəsinin final şousunun açılışında qonaqlar möhtəşəm atəşfəşanlıqla qarşılanacaqlar.
Ənənəyə uyğun olaraq finalı ötən ilki müsabiqənin qalibi Ell & Nikki dueti “Running Scared” mahnısı ilə açacaqdır. Lakin Eldar Qasımov və Nigar Camal məşhur müsabiqə mahnılarını bu dəfə fərqli üslubda - milli musiqi alətlərinin müşayiəti ilə təqdim edəcəklər. Açılışda ustad sənətkar Alim Qasımov da səhnəyə çıxacaqdır.
Açılış performansından sonra səhnəyə ilk olaraq 57-ci “Eurovision” mahnı müsabiqəsinin final şousunda birinci çıxış edən əfsanəfi britaniyalı müğənni Engelbert Hamperdink, onun ardınca Macarıstanın “Compact Disco” rok qrupu, Albaniya təmsilçisi Rona Nişliu, litvalı Donni Montell, Bosniya və Herseqovina təmsilçisi Maya Sar çıxacaqlar.
Altıncı sırada Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupu səhnədə yer alacaqdır. İslandiya təmsilçiləri Qreta Saloume və Younsi yeddinci, Kiprdən olan İvi Adamou səkkisinci, Fransa təmsilçisi, İndoneziya əsilli pop müğənnisi Anqun doqquzuncu, italiyalı iştirakçı Nina Zilli onuncudur.
Daha sonra “Baku Crystal Hall”un səhnəsinə estoniyalı Otta Lepland, Norveç təmsilçisi Tooji Keshtar çıxacaqlar. Yarışmanın ev sahibi - Azərbaycanı təmsil edən Səbinə Babayevanın çıxışı 13-cü olacaqdır. O, “When the music dies” mahnısını ifa edəcəkdir. Ondan sonra Rumıniyanı təmsil edən “Mandinga” qrupu, danimarkalı müğənni Soluna Samay, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou çıxış edəcəklər.
Bukmekerlərin final şousunun favoriti hesab etdikləri isveçli müğənni Lorinin sıra nömrəsi 17-cidir. Ondan sonra Türkiyə təmsilçisi Can Bonomo, ispanıyalı iştirakçı Pastora Soler, almaniyalı müğənni Roman Lob, Maltadan olan Kurt Kalleya, Makedoniyanı təmsil edən Kaliopi Bukle, İrlandıyanın “Jerward” pop-dueti, Serbiya təmsilçisi Zeljko Yoksimoviç, ukraynalı Qaytana Essami və Moldova təmsilçisi Paşa Parfeni öz performanslarını nümayiş etdirəcəklər.
Səsvermə üçün ayrılmış vaxtda səhnəyə tanınmış müğənni və bəstəkar Emin Ağalarov çıxacaqdır. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşayiət edəcəkdir.
Emin Ağalarovun təqdim etdiyi “Məşəli alovlandır!” şousu Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayır. Bu performans skripkaçıların ifası ilə davam edir. Daha sonra isə nağaraçalanlar şouya qoşulur. Ardınca səhnədə alov püskürür. Bu isə möhtəşəm bir görüntü yaradır. Elə bu zaman Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə enir və "Never Enough" mahnısını ifa edir.
Sonra səsvermənin nəticələri elan ediləcəkdir. “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcəkdir.