MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Rumıniyanın “Mandinga” qrupu “Baku Crystal Hall”da keçirilmiş möhtəşəm “Eurovision” final şousunun bir parçası olmasından qürur duyur
Bakı, 1 iyun (AZƏRTAC). Bakıda keçirilmiş 57-ci “Eurovision” mahnı müsabiqəsinin möhtəşəm final şousunda 14-cü çıxış edən Rumıniyanın “Mandinga” qrupu yarışda 12-ci yerdə qərarlaşmasından narahat deyil.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, qrupun üzvləri “Eurovision-2012” mahnı müsabiqəsinin mayın 26-da “Baku Crystal Hall”da keçirilmiş və möhtəşəmliyinə görə bütün dünyanın diqqətini cəlb etmiş final şousunun bir parçası olmaqdan qürur duyduqlarını bildirmişlər. Qrupun yeganə xanım üzvü, solo ifaçı Yelena demişdir: “Əlbəttə, 12-ci yerdən daha yüksək nəticə gözləyirdik. Amma Rumıniya üçün bu da uğurlu yer hesab edilir. Çünki çox yaxşı mahnıları geridə qoyduq. Təbii ki, bu, müsabiqədir və biz onun nəticələrinə hörmətlə yanaşırıq”.
“Mandinga” qrupunun üzvləri Rumıniyaya və onlara göstərdikləri dəstəyə görə bütün pərəstişkarlarına və media nümayəndələrinə təşəkkürlərini bildirmişlər. Onlar Azərbaycandan bu sözlərlə ayrılmışlar: “Sizi sevirik! Tezliklə yenidən görüşərik!”.