MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Zeljko Yoksimoviç: Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək mənim üçün şərəfdir
Bakı, 15 may (AZƏRTAC). Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək mənim üçün şərəfdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 15-də “Baku Crystal Hall”da ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Serbiya təmsilçisi Zeljko Yoksimoviç demişdir.
İlk dəfə 12 yaşında Fransada keçirilmiş musiqi festivalında “First Accordion of Europe” mükafatına layiq görüldüyünü deyən serbiyalı müğənni bildirmişdir ki, musiqi sənətinin sirlərinə Belqradın Musiqi Sənəti Universitetində yiyələnmişdir.
Bir çox “Eurovision” mahnı müsabiqələrində iştirak etdiyini qeyd edən Zeljko Yoksimoviç “Baku Crystal Hall”un möhtəşəmliyindən danışmışdır. Bildirmişdir ki, qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən “Baku Crystal Hall” Avropa səhnələrinin ən öndə gedənlərindən biridir.
Bakının təbii gözəllikləri, xalqımızın qonaqpərvərliyi, tolerantlığı, adət-ənənələri və digər özünəməxsus müsbət keyfiyyətləri haqqında xoş sözlər söyləyən serbiyalı təmsilçi paytaxtımıza valeh olduğunu demişdir.