DÜNYA
Özbəkistanda dizel yanacağının pərakəndə satış qiymətləri artmışdır
Bakı, 8 iyul (AZƏRTAC). Özbəkistan Nazirlər Kabinetinin qərarı ilə dizel yanacağının pərakəndə satış qiymətləri artırılmışdır.
AZƏRTAC xəbər verir ki, qərara əsasən adi dizel yanacağının bir litrinin pərakəndə qiyməti 11,7 faiz artaraq 1,91 min sum (təxminən 0,65 AZN), “EKO” dizel yanacağının bir litrinin qiyməti isə 11,5 faiz artaraq 1,99 min sum (0,68 AZN) olmuşdur.
Hökumətin qərarı ilə “Uzneftprodukt” Səhmdar Şirkətinə və onun regional müəssisələrinə, eləcə də yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışını həyata keçirən təsərrüfat subyektlərinə məntəqələrdəki yanacaq qalıqlarının yenidən qiymətləndirilməsi tapşırılmışdır. Təkrar qiymətləndirilən məbləğ bütövlükdə dövlət büdcəsinin gəlirinə daxil edilir.
Qeyd edək ki, Özbəkistanda yük nəqliyyatının əksəriyyəti, sərnişin nəqliyyatının isə bir hissəsi dizel yanacağı ilə işləyir. Hazırda Daşkənddə dizel yanacağı işlədən mindən artıq “Mercedes-Benz” avtobusu vardır.