DÜNYA
Özbəkistanda prezident seçkiləri dekabrın 4-nə təyin olunub
Bakı, 9 sentyabr, AZƏRTAC
Özbəkistanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi vaxt bəlli olub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbəy Abdusalomov prezident seçkilərinin 2016-cı il dekabrın 4-nə təyin olunduğunu bildirib.
Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 79 yaşında insult nəticəsində vəfat edib. Ölkə konstitusiyasına uyğun olaraq prezident vəzifələrini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri parlamentin yuxarı palatasının sədrinə həvalə olunur və 3 ay ərzində dövlət başçısı postuna seçkilər keçirilir.
Ali Məclis Senatının sədri Niqmatulla Yuldaşev namizədliyini geri götürdüyü üçün parlamentin hər iki palatasının iclasında Baş nazir Şavkat Mirziyayev müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etmək üçün təyinat alıb.