MƏDƏNİYYƏT
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə Buxara vilayəti üzrə Azərbaycan diaspora təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Daşkənd, 29 aprel, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Buxara vilayəti üzrə sədri Kamran Babayev arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması, Buxara vilayəti üzrə yerli diaspora təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb.
Kamran Babayev təşkilat üçün Özbəkistan dövləti tərəfindən xüsusi şəraitin yaradıldığını qeyd edib, milli mədəniyyətimizin təbliği üçün isə əyani vasitələrə ciddi ehtiyac olduğunu bildirib.
Görüşün nəticəsi kimi vilayət mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə edilib. Kolleksiyaya AMM-nin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ilə nəşr olunan kitablar, Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair çoxsaylı nəşrlər daxildir. Hədiyyə kitablar arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, habelə Heydər Əliyev Fondunun layihəsi ilə ölkəmizə dair çap olunan vəsaitlər yer alıb.
Bundan başqa kolleksiyaya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si,“İRS НАСЛЕДИЕ” və “БАКУ” jurnalları, Azərbaycan musiqisinə dair disklər daxil edilib.
Bu ilin payız aylarında Buxara şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi razılaşdırılıb.
Görüşdə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Daşkənd vilayəti üzrə sədri Qalib Müslümov da iştirak edib.
Qonaqlar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına, muzeylərinə baxıblar, mərkəzin layihələri və uğurları ilə tanış olublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd