Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

№ 385  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 385 nömrəli

Qərarı ilə təsdiq edilmişdir.

 

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu

təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin

SİYAHISI

1. Bu siyahı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin altıncı hissəsinə əsasən hazırlanmışdır.

2. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlər aşağıdakılardır:

2.1. məhkəmə ekspertizası və kriminalistika ixtisasları üzrə xarici ölkələrdə verilmiş elmi dərəcələri və elmi adları təsdiq edən diplomlar, attestatlar və ya digər sənədlər (nostrifikasiya olunmuş (ekvivalentliyi müəyyən edilmiş və tanınmış) və ya təkrar attestasiya əsasında tanınmış);

2.2. aşağıdakı beynəlxalq təşkilatlar tərəfindən verilən və tam təlim proqramının bitirməsini təsdiq edən sertifikatlar və ya digər sənədlər:

2.2.1. Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA - Association of Chartered Certified Accountants) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

2.2.2. Amerikanın Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA - American Institute of Certified Public Accountants) tərəfindən verilən Sertifikatlaşdırılmış İctimai Mühasib (Certified Public Accountant) sertifikatı;

2.2.3. Psixoloqlar Assosiasiyalarının Avropa Federasiyası (EFPA - European Federation of Psychologists Associations) tərəfindən verilən Psixologiya üzrə Avropa Sertifikatı (EuroPsy - European Certificate in Psychology);

2.2.4. CFA İnstitutu tərəfindən verilən Diplomlu Maliyyə Analitiki (CFA - Chartered Financial Analyst) sertifikatı;

2.2.5. Odlu Silah və Alət İzləri üzrə Ekspertlər Assosiasiyası (AFTE - Association of Firearm and Toolmark Examiners) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

2.2.6. Elektronika Sahəsində Mütəxəssislər Assosiasiyası (ETA - Electronics Technicians Association) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

2.2.7. Sistem Mühəndisliyi üzrə Beynəlxalq Şura (INCOSE - International Council on System Engineering) tərəfindən verilən Sistem Mühəndisliyi Sahəsində Yüksək İxtisaslı Mütəxəssis (ESEP - Expert Systems Engineering Professional) sertifikatı;

2.2.8. İdentifikasiya üzrə Beynəlxalq Assosiasiya (IAI - International Association for Identification) tərəfindən verilən sertifikatlar və ya digər sənədlər;

2.3. məhkəmə ekspertizası fəaliyyəti və kriminalistika sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq keçirilən məhkəmə ekspertizası ixtisası üzrə tam proqramı əhatə edən təlimlərin bitirməsini təsdiq edən sertifikatlar və ya digər sənədlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin