Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ÖZƏLLƏŞDİRİLƏN VƏ İDARƏETMƏYƏ VERİLƏN DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN İSTEHSALAT QƏZASI VƏ YAXUD PEŞƏ XƏSTƏLİYİ NƏTİCƏSİNDƏ SAĞLAMLIĞI POZULMUŞ İŞÇİSİNƏ VƏ YA BU SƏBƏBDƏN HƏLAK OLMUŞ İŞÇİSİNİN AİLƏ ÜZVLƏRİNƏ VƏ HİMAYƏSİNDƏ OLAN DİGƏR ŞƏXSLƏRƏ AYLIQ ÖDƏNC ÜZRƏ BORCLARININ TƏNZİMLƏNMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi qaydasını və bu Fərmanla təsdiq edilən Qaydaların 4.2-ci bəndində nəzərdə tutulan müqavilənin formasını müəyyən etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin