CƏMİYYƏT
Özgə əmlakının mənimsənilməsi faktı üzrə cinayət işi başlanmışdır
Bakı, 20 iyun (AZƏRTAC). “Kazbeqi Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Müəyyən edilmişdir ki, MMC-də ötən ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara etibar edilmiş malların satışından əldə olunmuş pul vəsaitinin bir hissəsini müəssisənin kassasına mədaxil etməyərək mənimsəmiş, bununla da Cəmiyyətə, ümumilikdə, 66 min 600 manat məbləğində ziyan vurmuşlar.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.