CƏMİYYƏT
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edilib VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni addım kimi nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradıb. Proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırığına əsasən sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, həmin kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır. Ölkəmizdə ilk sosial reyestr olan “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsinin yaradılması da bu məqsədə yönələn addımlardan biridir.
Proqramın icrası işlərindən bəhs edən nazir müavini diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların dövlətin mal və materiallar formasında aktiv dəstəyi ilə özünüməşğulluğunun və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsinə, işsizlikdən kiçik biznesə çıxışının dəstəklənməsinə xidmət edir. Proqramın əhatə dairəsi 2017-ci ilə nisbətən ötən il 6,5 dəfə genişləndirilib və 7 min 267 nəfər özünüməşğulluğa cəlb edilib. Bu il isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub və ilin arxada qalan 8 ayı ərzində artıq 4 min 589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3 min 52 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2 min 555 nəfərdir. İlin ötən dövründə 2 min 500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib.
Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunan “Sosial Bağlar” layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıb. Cari ildə layihənin növbəti mərhələsi kimi 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır. Həmçinin nazirlik ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.
A.Əliyev qeyd edib ki, hər bir vətəndaşa onunla bağlı bütün sosial məlumatlara çıxış və eyni zamanda, yaranan sosial hüquqları müqabilində müvafiq dövlət xidmətlərindən faydalanmaq imkanı verən “e-sosial” internet portalı bundan sonra proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatlara da real vaxt rejimində çıxış, həmçinin özünüməşğulluq proqramının icrasına geniş ictimai nəzarət imkanı verəcək.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi barədə təqdimatla çıxış edib.
Qeyd olunub ki, altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı ayrıca kabinetlər yaradılıb. Portal nazirliyin rəsmi saytına (sosial.gov.az) da inteqrasiya edilib. Proqram iştirakçılarına dair kabinetlərdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələlər, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair Akt, verilmiş aktivlərin sayı və s. yerləşdirilir.
Proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı onun razılığı və öz iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar da məlumat bazasında təqdim edilir. İştirakçıların siyahısı üzrə onların şəxsi kabinetləri ardıcıllıqla sıralanır, eyni zamanda, hər hansı konkret iştirakçının kabinetini tapmaq üçün səhifənin yuxarı hissəsində açılan qrafada onun adı, soyadı, ata adı, müvafiq rayonu və s. qeyd etmək kifayətdir.
Beləliklə, özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığının təmin edilməsi nəticədə həm proqramın icra vəziyyətinə, həm də iştirakçılara verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarətin də təmin edilməsinə, eləcə də hər hansı iştirakçıya aktivlərin verilməsi prosesi, həmin aktivlərin kəmiyyəti, keyfiyyəti və s. ilə əlaqədar kütləvi-informasiya vasitələri tərəfindən operativ və obyektiv araşdırmanın aparılmasına imkan yaradır.