DÜNYA
Pakistan hökuməti taliblərlə danışıqlar aparmağa razılıq vermişdir
İslamabad, 28 mart (AZƏRTAC). Pakistanın Baş naziri Nəvaz Şərif minlərlə insanın ölümünə səbəb olmuş zorakılıq aktlarına son qoyulması məqsədilə taliblərlə danışıqlara başlamağa razılıq vermişdir. Pakistan hökumətinin nümayəndələri ölkənin şimal-qərb sərhədində məskunlaşmış “Təhrik-i Taliban Pakistan” islam hərəkatının nümayəndələri ilə danışıqlar aparmaq üçün bu bölgəyə getməyə hazırlaşırlar.
Pakistan hökuməti ilə taliblər arasında danışıqlar rəsmi olaraq fevral ayında başlasa da, onlarla pakistanlı sərhədçinin taliblər tərəfindən edam edilməsi və cavab olaraq Pakistan Hərbi Hava Qüvvələrinin ölkənin şimal-qərbində talibləri bombalaması sülh prosesini ləngitmişdi.
İndiyədək danışıqlar ancaq vasitəçilərlə aparılırdı, bu isə birbaşa dialoq üçün ilk cəhddir. Danışıqların dəqiq yeri açıqlanmır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad