SİYASƏT
Pakistan mediası Azərbaycandakı tolerantlıqdan yazmışdır
Bakı, 10 aprel (AZƏRTAC). Diaspor Jurnalistləri Birliyi (DJB) xarici KİV-lərdə Azərbaycan həqiqətlərinin təbliğini davam etdirir.
DJB-dən AZƏRTAC-a bildirmişlər ki, Pakistanın rəsmi dövlət qəzeti olan “Daily Parliament Times”da birliyin təmsilçiləri Fuad Hüseynzadə və Rəşad Bədirlinin həmmüəllifliyi ilə “Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı” sərlövhəli növbəti məqalə dərc edilmişdir.
Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoq kimi üç ibadət məkanının bir arada olduğu, eləcə də müxtəlif dinlərə mənsub insanların heç bir ayrı-seçkiliklə qarşılaşmadıqları nadir ölkələrdən biridir. Diqqətə çatdırılmışdır ki, Qubada avropalılar, hətta Avropa Şurasının prezidenti 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini görəndə heyrətlənmişlər.
Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmişdir və bu gün də fərqlənməkdədir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma-katolik kilsəsinin o vaxtkı başçısı, mərhum II İoann Pavelin Azərbaycana tarixi səfəridir. O, Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapmışlar.
Yazıda o da bildirilmişdir ki, Azərbaycan dövləti tərəfindən yalnız İslama aid deyil, digər dinlərə məxsus abidələr də bərpa edilərək qorunur. Diqqətə çatdırılmışdır ki, Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində onun təkcə öz keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmini qeyri-mümkündür.
Məqalədə xüsusilə qeyd edilmişdir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə bu ölkədə deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır.
Yazıda vurğulanır ki, bu gün Azərbaycan torpaqlarının bir hissəsini işğal edən dövlətin xalqının da dini abidələri qorunur. Bakıda olan “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülmüşdür. Ermənilər Azərbaycana məxsus abidələrə münasibətdə vandalizm siyasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:
dailyparliamenttimes.com/epaper/main.php?action=epaper&id=main&page=2&dt=07-04-2014