PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏFİN NİTQİ
Zati-aliləri cənab Prezident!
Hörmətli qonaqlar!
Doğrudan da, nadir bir imkandır ki, mənim xanımım, mən, nümayəndə heyətim burada Azərbaycanda səfərdəyik. Bu tarixi diyarda mənə və mənim xanımıma, nümayəndə heyətimə, həqiqətən də, böyük qonaqpərvərlik göstərilmişdir. Əslində, Pakistanla Azərbaycan arasındakı münasibətlərin çox dərin kökləri vardır. Bunlar hökumətlərarası əlaqələrin köklərindən daha dərinə gedir. Bu köklər, ilk növbədə, insanlar arasında bir-birinə qarşı olan münasibətlərdən gələn köklərdir.
Biz pakistanlılar böyük qürur hissi keçiririk ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşuq. Mən buraya ona görə gəlmişəm ki, bu əlaqələri daha çox reallığa çevirim, yəni siyasi, iqtisadi, ticarət əlaqələrini daha da möhkəmlədim. Mən böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, çox şadam ki, bütün beynəlxalq mövzularda biz konsensus əldə etmişik və eyni mövqedən çıxış edirik. Beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, ikitərəfli münasibətlər qarşılıqlı surətdə, konstruktiv surətdə, bir-birinə hörmət əsasında davam edir. Bu gün Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, Pakistanın mövqeyini daim dəstəkləyiblər. Böyük məmnuniyyətlə onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Hindistanla Pakistan arasında olan münasibətlər mülayimləşmək üzrədir və biz bir sıra məsələlərdə eləcə də Kəşmir məsələsində, razılığa gəlmək üzrəyik. Qarşılıqlı surətdə Pakistan da Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləyir və sizə demək istəyirəm ki, bu, yalnız hökumətdən gələn dəstək deyil, bu, hər bir sadə pakistanlının dəstəyidir və sadə pakistanlılar daim azərbaycanlı qardaşları ilə çiyin-çiyinə olacaqlar. Bu dəstək Azərbaycanın ərazi bütövlüyü təmin olunana qədər davam edəcəkdir.
Pakistan və Azərbaycan həm də İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləridir. Biz əlimizdən gələni etməliyik ki, bu təşkilat daha da möhkəmlənsin və buradakı əməkdaşlıq geniş vüsət alsın. Biz həm də İslam Konfransı Təşkilatının üzvləri olan ölkələrik. Bizim borcumuzdur ki, bu təşkilatın çərçivəsində əməkdaşlıq edək və təşkilatı mümkün qədər gücləndirək. Böyük məmnuniyyətlə onu da nəzərinizə çatdırmaq istəyirəm ki, İslam Konfransı Təşkilatının Kuala-Lumpurda keçirilən zirvə görüşündə Pakistanın irəli sürdüyü maarifçi liberalizm ideyası qəbul olunmuşdur və indi təşkilatda struktur dəyişiklikləri nəzərdə tutulub və bundan sonra bütün müsəlman dünyasında böyük irəliləyiş əldə olunması gözlənilir. Biz iki ölkə olaraq müsəlman dünyasına öz dəstəyimizi əsirgəməyəcəyik və İslam Konfransı Təşkilatı çərçivəsində struktur islahatlarının keçirilməsinə daim yardım etməkdə davam edəcəyik ki, müsəlman dünyasına daxil olan bütün xalqlar sosial və iqtisadi cəhətdən inkişaf etsinlər.
Pakistanla Azərbaycanın qarşısında iqtisadi əməkdaşlığın konturlarını müəyyən etmək məsələsi durur. Biz bunları müəyyən etdikdən sonra qətiyyətlə planlarımızın və layihələrimizin icrasına keçərik.
Sonda ümidvar olduğumu bildirmək istəyirəm ki, Pakistanla Azərbaycan arasında olan bu münasibətlər hər iki ölkənin, hər iki xalqın xeyrinə və marağına uyğun olaraq, bundan sonra da davam edəcəkdir. Mən Prezidentdən xahiş etmişəm ki, Pakistana səfər etsin və o, bu dəvəti qəbul etdi. Böyük məmnuniyyətlə onu və onun xanımını Pakistanda gözləyəcəyik.
Yaşasın Pakistan-Azərbaycan qardaşlığı!
X X X
Rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, nazirlər, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.