CƏMİYYƏT
Pakistanda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Modeli konfransında Azərbaycanın qazandığı nailiyyətlərdən danışılıb
Bakı, 1 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF ARM) və Pakistan Beynəlxalq İƏT Modelinin birgə təşkilatçılığı ilə Pakistanın Karaçi şəhərindəki İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında Beynəlxalq İƏT Modelinin növbəti konfransı keçirilib.
İƏGF-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində İƏGF ARM-nin İdarə Heyətinin üzvü Fsahat Ul Həssən, Forumun bu layihə üzrə koordinatoru Yunus Çolak və İndoneziya üzrə İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulayıb.
Astrid Nadya Rizqita çıxışında İƏGF ARM-nin son illər Avrasiya məkanında bu layihənin uğurla həyata keçirilməsində aparıcı rol oynadığını vurğulayıb.
Üç gün ərzində davam edən simulyasiya oyunları tədbirində Pakistan, Türkiyə, İran, Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlilikləri, Malayziya, Özbəkistan, Tunis və digər İƏT ölkələrini təmsil edən 40 pakistanlı gənc lider “Post-COVID dövründə qlobal iqtisadi bərpa” mövzusunda müzakirələrə qatılıblar.
Tədbir, həmçinin böhran şəraitində qərar qəbuletmə, diplomatik bacarıqların artırılması üzrə imkanlar yaradıb.
Qeyd edək ki, Azərbaycanı təmsil edən nümayəndə pandemiya dövründə baş vermiş Vətən müharibəsinin nəticələri haqqında qısaca məlumat verərək, erməni işğalı dövründə dağıntılara məruz qalmış Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsinin və bərpa layihələrində İƏT institutlarının və üzv ölkələrinin iştirakının vacibliyini diqqətə çatdırıb.
Tədbirin bağlanış mərasimində çıxış edən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycanın İƏT-dəki rolu, İƏT üzv ölkələri ilə qarşılıqlı əməkdaşlıq və qazanılan nailiyyətlərdən bəhs edib. İƏGF ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təmsil etdiyi qurumun təşəbbüsü ilə artıq 2011-ci ildən indiyədək həm milli, həm də beynəlxalq səviyyədə İƏT Modeli çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, bu proqramın İƏT məkanında gənclərin liderlik qabiliyyətinin güclənməsində oynadığı rolu xüsusi vurğulayıb. Həmçinin müsəlman gənclər arasında birliyə, diplomatik bacarıqların artmasına yönələn bu kimi tədbirləri gələcəkdə də dəstəklənməsinin vacibliyini qeyd edib.
Bağlanış mərasimində, o cümlədən Cənubda Dayanıqlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının sədr köməkçisi Qaisar Nəvab, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının tədbirlər üzrə koordinatoru Abdul Badih Əl-Dada, Pakistanın Sindh bölgəsinin İdman və Gənclər İşləri Direktorluğunun nümayəndəsi Syed Mohammad Habibullah və İƏGF-nin vitse-prezidenti Tantan Taufik Lubis çıxış edərək tədbirin uğurla başa çatdığını bildiriblər, o cümlədən bu proqramın bütün İƏT məkanını əhatə etməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirin yekun sənədi olaraq qəbul olunan qətnamədə İƏT-in üzv ölkələrinə, beynəlxalq inkişaf agentliklərinə və beynəlxalq maliyyə institutlarına azad olunmuş Qarabağa investisiya yatırmağa çağırış edilib, o cümlədən erməni işğalı nəticəsində dağıdılmış ərazilərin bərpasında Azərbaycan hökumətinə dəstək ifadə olunub.
İƏT Modeli - Beynəlxalq Münasibətlər akademiyası proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.
Bu il ərzində proqram milli səviyyədə Tatarıstan Respublikası, eləcə də Mərkəzi Asiyanın bir sıra ölkələrində uğurla həyata keçirilib.