REGİONLAR
Pambıqçılıqla məşğul olan fermerlər və mexanizatorlar üçün maarifləndirici seminar keçirilib
Ağsu, 1 sentyabr, AZƏRTAC
Artıq pambıq yığımına son hazırlıq işləri görülür. Məhsulun çox hissəsi pambıqyığan maşınlarla toplanacaq. Əlbəttə, sahələrə qabaqcadan baxış keçirilməli, zəruri hazırlıq işləri aparılmalıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Aqrolizinq” ASC tərəfindən avqustun 31-də Ağsu rayonunun Qaraqoyunlu və Navahı kəndlərində tarlalarda pambıqçılıqla məşğul olan fermerlər və mexanizatorlar üçün keçirilən maarifləndirici seminarda danışılıb.
Cəmiyyətin pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov bildirib ki, pambıq qozaları 50-60 faiz açıldıqdan sonra kollar deformasiya olunmalıdır. Bunun üçün “Aqrolizinq” ASC tərəfindən alınan defolyantların və desikantların təlimata, təyinata və təhlükəsizlik qaydalarına uyğun istifadəsi zəruridir. Defolyantlar və desikantlar pambıqçılıqla məşğul olan rayon bölmələrinə çatdırılıb.
Qeyd edilib ki, bu gün pambıq sahələrinin defolyasiyasında istifadə olunan preparat “Lodbrok OD” adlanır. Defolyantın hektara məsarif norması 0,6 litrdir. Bir litrinin güzəştlə qiyməti isə 9,9 manatdır. Defolyasiya məhsul yığımına 10-14 gün qalmış aparılmalıdır. Çiləmə aparılarkən OVX markalı çiləyicilərdən istifadə etmək daha səmərəlidir.
Fermerlərə pambıq qozalarının açılmasını sürətləndirən “Melodyne 48 SL” desikantı və onun işlənmə norması barədə məlumat verilib. Bildirilib ki, bu desikantın bir hektara məsarif norması 3 litr olmalıdır.
Seminarda defolyasiya zamanı təhlükəsizlik qaydalarına əməl etməyin zəruri olduğu bildirilib. Vurğulanıb ki, cəmiyyət tərəfindən bu sahədə çalışan mexanizatorlar xüsusi geyimlərlə təmin olunacaqlar.
Tədbirdə həmin formalar əyani olaraq nümayiş etdirilib, pambıqçılıqla məşğul olan fermerlərə defolyantların təlimata uyğun istifadə qaydaları haqqında bukletlər paylanıb.