DÜNYA
Panamada iqlim məsələlərinə dair danışıqlar uğurla başa çatmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Panamada iqlim dəyişmələrinə dair danışıqlar uğurla başa çatmışdır. Danışıqlara qatılan ölkələrin təmsilçiləri və iqlim üzrə konvensiyanın katibliyi oktyabrın 8-də elan etmişlər ki, danışıqlar mövzusu olan bir çox mühüm məsələləri müzakirə edən tədbir iştirakçıları Durbanda yekun sessiyasında mühüm siyasi qərarlar qəbul etməyə hazırdırlar.
Oktyabrın 1-7-də Panamada 2011-ci ildə BMT çərçivəsində iqlim danışıqlarına dair üçüncü sessiya keçirilmişdir. Tərəflər BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəflərinin 17-ci sessiyasına hazırlaşırlar. Tədbir noyabrın 28-dən dekabrın 5-dək Cənubi Afrika Respublikasının Durban şəhərində keçiriləcəkdir.
Tədbirdə ötən il Kankunda qəbul edilmiş qərarların icrası, Kioto protokolunun gələcəyi müzakirə ediləcəkdir. Protokol üzrə öhdəliklərin ilk mərhələsi 2012-ci il dekabrın 31-də başa çatır.
Konvensiyanın katibi Kristiana Figeyres mətbuat konfransında demişdir: “Panamada əldə etdiyimiz irəliləyiş göstərir ki, tərəflərin yaxın günlərdə, eləcə də Durbanda qalan məsələləri həll etmək üçün xeyli vaxtı olacaqdır. Bunun üçün siyasi iradə lazımdır”.
Katib Kioto protokolunun gələcəyini əsas siyasi məsələlərdən biri adlandırmışdır. Onun sözlərinə görə, protokol tərəfləri Panamada problemin bir sıra mühüm texniki aspektləri barədə razılığa gəlmişlər, indi yalnız siyasi iradə çatışmır.