RƏSMİ XRONİKA
PARİS ŞƏHƏR MERİYASINDA GÖRÜŞ
Binanın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi və ali qonağa hörmət və ehtiram əlaməti olaraq atlı milli qvardiyanın əsgərləri düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Paris şəhərinin meri Bertran Delanoe böyük hörmətlə qarşıladı.
Sonra Prezident İlham Əliyev ilə Paris şəhərinin meri Bertran Delanoe arasında görüş oldu.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, tarixi, mədəni, iqtisadi və siyasi sahələrdə əlaqələrin genişləndiyi bildirildi. Həmçinin humanitar sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.
Prezident İlham Əliyev, eyni zamanda, Bakı ilə Paris arasında münasibətlərin inkişaf edərək, ölkələrimiz arasındakı səviyyəyə çatmasının zəruriliyini söylədi. Dövlətimizin başçısı Parisin merini Bakıya dəvət etdi.
Bertran Delanoe dəvəti məmnunluqla qəbul etdi və dövlətimizin başçısına dərin təşəkkürünü bildirdi.