SİYASƏT
PARİSDƏ AZƏRBAYCAN-FRANSA İKİTƏRƏFLİ SƏNƏDLƏRİ İMZALANMIŞDIR
Bakı, 10 dekabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində dekabrın 9-da Parisdə Azərbaycan-Fransa ikitərəfli sənədləri imzalanmışdır.
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısamüddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın xarici işlər naziri Bernar Kuşner imzalamışlar.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Fransa Respublikasının Dövlət Büdcəsi, Mühasibatı, Qulluğu və İslahatı Nazirliyinin Dövlət Maliyyə Baş İdarəsi arasında texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın Vergilər İdarəsinin rəis müavini Filip Rambane imzalamışlar.