DÜNYA
Parisdə Yeni il bayramı ilə əlaqədar 9 min polis, jandarm və yanğınsöndürən səfərbərliyə alınmışdır
Paris, 31 dekabr (AZƏRTAC). Parisdə ənənəvi olaraq Yeni ili yüz minlərlə adam qarşılayır. Onların təhlükəsizliyini təmin etmək məqsədilə bu il 9 min polis, jandarm və yanğınsöndürən səfərbərliyə alınmışdır. Bu barədə paytaxtın polis prefekturu məlumat yaymışdır.
Məlumatda bildirilir ki, ictimai asayişi qoruyanlar əsasən Yeni ili qarşılayanların daha çox toplaşdığı paytaxtın Yelisey xiyabanında, Trokadero meydanında və məşhur Mars çölündə öz vəzifə borclarını yerinə yetirəcəklər.
Keçən illərdən fərqli olaraq Yeni il daxil olarkən atəşfəşanlıq olmayacaqdır.
Prefektur sıxlıq yaratmamaq və insanların sərbəst hərəkət etmələri üçün xüsusi maşınları olanlara bütün gecəni pulsuz xidmət göstərəcək ictimai nəqliyyatdan istifadə etməyə çağırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris