MƏDƏNİYYƏT
“Park Cinema”da “Ögey ata” filminin premyerası ilə əlaqədar mətbuat konfransı olmuşdur
Bakı, 14 mart (AZƏRTAC). Martın 18-də “Park Cinema”da və şəhərin digər kinoteatrlarında “Planet parni iz Baku” studiyasının çəkdiyi “Ögey ata” filminin premyerası keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Park Cinema”da mətbuat konfransı olmuşdur.
Filmin prodüserlərindən biri Tahir İmanov yaradıcı kollektivi təqdim etmiş və film üzərində aparılmış işdən danışmışdır.
Qeyd edilmişdir ki, “Ögey ata” rejissor Vüqar Cəbrayılovun yeni komediyasıdır. Ssenariçi və baş rolun ifaçısı tanınmış komediya aktyoru Fərda Xudaverdiyevdir.
F.Xudaverdiyev demişdir ki, filmdə türk İlhan Özbəy də çəkilmişdir. Birgə iş maraqlı olmuşdur. Fərdanın qəhrəmanının adı Kəramətdir. Öz dili ilə desək, “çox böyük hörmət sahibidir”. Düzdür, borcu hörmətindən daha çoxdur. İndi təsəvvür edin ki, onun nə qədər borcu var. Hər zaman “halallıqla” dolanmaq istəsə belə sonda “haqsızlıqla” qarşılaşır. Amma bu, belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır!
Filmdə Xəyalə Abbasova və Teymur Məmmədov da çəkilmişlər.
Sonda filmin yaradıcıları jurnalistlərin suallarına cavab vermişlər.