SİYASƏT
PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ KİYEVDƏN QAYITMIŞDIR
Aprelin 16-17-də Ukraynanın paytaxtı Kiyev şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sosial, təhsil və mədəniyyət məsələləri komitəsinin XX iclası keçirilmişdir.
Milli Məclisin regional məsələlər daimi komissiyasının sədr müavini, adı çəkilən komitənin sədri Şaitdin Əliyev bildirmişdir ki, iclasda Qara dəniz regionunun inkişafında mədəniyyətin rolu, QİƏT ölkələrinin uşaq və yeniyetmələrin yaradıcılıq festivallarının və komitənin növbəti iclasının keçirilmə tarixi, yeri, gündəliyi və digər məsələlər müzakirə olunmuşdur.
Şaitdin Əliyev Qara dəniz regionunda mədəni əlaqələrin inkişafına regional münaqişələrin mənfi təsiri, münaqişələrin həllində parlamentlərin rolu, Azərbaycanın regionda əməkdaşlığın inkişafındakı maraqları ilə bağlı məruzə etmişdir. Məruzədə, regional münaqişələrin mədəni irsə vurduğu ziyanın əyani sübutu kimi Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində işğal olunmuş ərazilərdəki 500 tarixi memarlıq və 100-dən artıq arxeoloji abidənin, 22 muzey, 4 incəsənət qalereyası, 927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı, Kəlbəcər, Laçın, Şuşa, Zəngilan və Qarabağın tarixi və regional araşdırmalar, daş abidələr muzeylərinin dağıdılması, Xoçalıda 100 kurqandan ibarət ərazini əhatə edən bürünc dövrünün nadir abidəsinin yerlə yeksan edilməsi, bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olan Azıx mağarasının işğalçıların silah anbarına çevrilməsi öz əksini tapmışdır. Məruzəni maraqla dinləyən iştirakçılar münaqişələrin həllində Parlament Assambleyasının və ayrı-ayrı ölkələrin parlamentlərinin rolunun artırılmasının vacibliyini vurğulamışlar.
Komitənin XXI iclasının oktyabrın 1-2-də Afina şəhərində keçirilməsi qərara alınmışdır. Bu toplantıda “QİƏT ölkələrində yoxsulluğun aradan qaldırılması yolları” və digər məsələlər müzakirə ediləcəkdir.
İclasda həmçinin Avropa Parlamenti ilə QİƏT PA-nın mədəniyyət komitələrinin birgə iclasının keçirilməsi barədə razılıq əldə olunmuşdur. İclasın yeri və vaxtı may ayının 21-22-də Brüsseldə Avropa Parlamentinin rəhbərliyi ilə keçiriləcək görüşdə müəyyən olunacaqdır.