İQTİSADİYYAT
PAŞA Bank və JAA gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilən proqram yekunlaşmışdır
Bakı, 2 may (AZƏRTAC). Mayın 2-də PAŞA Bank və Junior Achievement (JAA) Azərbaycan təşkilatı “Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunmuş tədbir keçirmişlər.
AZƏRTAC xəbər verir ki, proqram daxilində Bakı və Quba şəhərlərində yaşayan gənclər kiçik və orta müəssisələr yaratmış, müvafiq biznes təlimləri, əlverişli mühit və imkanların toplanması istiqamətində biliklərini artırmışlar.
Tədbirin açılışında Paşa Bankın idarə heyətinin sədri Fərid Axundov və JAA-nın rəhbəri Rəşad Xanlarov çıxış edərək seçilmiş gənclərə müvəffəqiyyətlər arzulamışlar.
Bildirilmişdir ki, 2012-ci ilin aprel ayında başlayan proqrama kiçik və orta müəssisənin yaradılmasında maraqlı olan və bu fəaliyyətlə məşğul olan 60 gənc iştirakçı qatılmışdı. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanırdı. JAA proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək, onlar üçün sahibkarlıq, maliyyə savadı, işgüzar etika, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi iqtisadi görüşlər təşkil etmişdir. Bununla yanaşı, gənclərin sahibkarlıq qabiliyyətinin formalaşdırması məqsədilə proqram daxilində aylıq ictimai-iqtisadi maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
Tədbir zamanı gənc sahibkarlar öz müəssisələrini təqdim etmiş, iştirakçıları həmin müəssisələrin rentabelliyinə inandırmağa çalışmışlar. Biznes nümayəndələrindən ibarət münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, davamlılığı, yeniliyi və təqdimatçının çıxış etmə bacarığına əsaslanaraq qiymətləndirmişlər.
Tədbirin sonunda üç müəssisənin sahibi qalib gələrək PAŞA Bankdan pul mükafatı qazanmışdır.