MƏDƏNİYYƏT
Pavlodarda “Azərbaycanda çay dəsgahı” adlı ədəbi-bədi mərasim keçirilmişdir
Pavlodar, 2 aprel (AZƏRTAC). Qazaxıstanın Pavlodar şəhərindəki “Vətən” Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycanda çay dəsgahı” adlı ədəbi-bədii mərasim keçirmişdir.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) sədri Cəfər Mahmudov, digər mərkəzlərin sədrləri, vilayətdə yaşayan xalqların nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Cəfər Mahmudov Azərbaycanda çay mərasimi haqqında danışmışdır.
Mərasimin aparıcıları bildirmişlər ki, belə bir tədbirin keçirilməsində məqsəd Azərbaycanda çay dəsgahı ənənələrinin məna və məzmunu haqqında qonaqlara dolğun məlumat vermək və bunu əyani şəkildə göstərməkdir. Bildirilmişdir ki, Azərbaycanda çay mərasimlərində süfrəyə müxtəlif mürəbbə və şirniyyatlar düzülür.
Sonra qonaqlar Azərbaycandan gətirilmiş müxtəlif çay növlərindən dəmlənmiş pürrəngi çaya qonaq edilmişlər. Onlar müxtəlif mürəbbə və şirniyyatların dadına baxmışlar.
Qazaxıstan Xalqları Assambleyası Pavlodar vilayəti filialı sədrinin müavini S.Jetlisbaev bildirmişdir ki, biz bu gün Azərbaycanda çay mərasiminin keçirilməsi haqqında çox şey öyrəndik və elə bilirəm ki, bu, qonaqların hamısının xoşuna gəldi. Monitorda isə Azərbaycanın Lənkəran-Astara zonasında çay yığımı, Bakıdakı çay evləri və çay içilməsi ənənələri haqqında məlumat verilmişdir.
AMM-in nəzdində fəaliyyət göstərən “Vətən” mahnı və rəqs ansamblının üzvləri milli rəqslərimizi, xalq və bəstəkar mahnılarını ifa etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Pavlodar