REGİONLAR
Payız mövsümündə Oğuzda 240 hektar yeni fındıq bağları salınacaq
Oğuz, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Fındıqçılığın inkişaf etdirilməsi məqsədilə bu ilin payız mövsümündə Oğuz rayonu ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 240 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Mövsümün əvvəlindən indiyədək 113 hektar sahədə yeni fındıq bağları salınıb və ting əkini dekabrın sonunadək davam edəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.
Qurumun rəsmisinin bildirdiyinə görə, son iki ildə rayon ərazisində 1402 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 3252 hektara çatdırılıb. Bu bağların 1805 hektarı barverəndir. Bu il rayonun fındıq bağlarından 1000 tonadək məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 100 tona yaxın artıb.
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayonda yeni tut bağlarının salınması istiqamətində də işlər davam etdirilir. Payız mövsümündə rayon ərazisində 45 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulur. Bunun 10 min ədədini Çindən ölkəmizə gətirilən tinglər təşkil edir. Bu günədək 17 min ədəd yerli tut tinginin əkilməsi təmin olunub və bu iş davam etdirilir.