REGİONLAR
Payız-qış mövsümünə hazırlıq işləri müzakirə olunub
Naxçıvan, 2 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən müşavirədə 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq işləri və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədrinin Daxili İşlər Nazirliyinə də müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Bildirilib ki, bu çərçivədə texniki cəhətdən nasaz avtomobillərin qış aylarında hərəkətinə məhdudiyyətlər qoyulacaq, belə avtomobillərin aşkarlanması üçün reydlər təşkil ediləcək. Nazirliyin struktur qurumlarının inzibati binasının qazanxanalarında elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində çatışmazlıqlar aradan qaldırılacaq. Buz bağlama ehtimalı daha çox olan yollarda qum tədarükü görüləcək. Qış aylarında sürüşmə ehtimalı daha çox olan yollarda yol-patrul xidmətlərinin sayı artırılacaq, avtomobil yollarının qar və buzdan təmizlənməsində iştirak edəcək texnikanın sayı müəyyənləşdiriləcək və onların texniki sazlığını təmin etmək üçün muxtar respublikanın Nəqliyyat Nazirliyi ilə birgə tədbirlər həyata keçiriləcək. İdarə, müəssisə və təşkilatlarda gözətçi funksiyasını həyata keçirən əməkdaşlara mütəmadi nəzarət olunacaq, yolların kənarlarında, yaşayış məntəqələrində, meşə zolaqlarında qurumuş ağacların kəsilib hərbi hissələrə verilməsi işinə nəzarət artırılacaq, ağacların qanunsuz kəsilməsinin, qanunsuz ov edilməsinin qarşısı alınacaq.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında da bir sıra işlər görüldüyünü diqqətə çatdıran Əhməd Əhmədov qeyd edib ki, hərbi hissədə yaşayış binalarının və maddi-məişət obyektlərinin işıq, su, istilik, kanalizasiya sistemlərinin təmiri işləri aparılıb. Elektrik təsərrüfatının istismar vəziyyəti yoxlanılıb, elektrik xətləri qış mövsümündə yüklənməyə tam hazırlanıb, yanğınsöndürmə vasitələri qış mövsümünə uyğun təchiz edilib, onların saxlanma yerləri müəyyənləşdirilib, yanğın sututarlarına və hidrantlara giriş-çıxış yolları təmir olunub. Qazanxanalarda cari təmir işləri aparılıb, istilik qazanxanaları, magistral istilik və su xətləri istismara tam hazır vəziyyətə gətirilib. Qış mövsümündə ərazilərin qardan təmizlənməsi üçün lazımi alətlər hazırlanıb. Hərbi hissədə qış mövsümündə ərzaq təminatı üçün 3 aylıq ərzaq məhsulları və 18 ton meyvə qurusu tədarük edilib. Şəxsi heyət üçün isti geyim formaları hazırlanıb.
Diqqətə çatdırılıb ki, daxili işlər orqanlarında sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarından istifadə edilməməli və bu kimi cihazların digər idarə və təşkilatlarda istifadəsinin qarşısının alınması üçün yoxlamalar keçirilməlidir. Qazanxanalara peşə məktəblərini bitirmiş şəxslər götürülməlidir.
Sonra nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev çıxış edərək, payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən və görüləcək işlər barədə məlumat verib.