Payızın ilk “Ulduz”u
Bakı, 30 sentyabr, AZƏRTAC
“Ulduz” jurnalının sentyabr nömrəsi oxuculara təqdim olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsi Ruslan Dost Əlinin “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr” rubrikasında Tamara Vəliyevanın “Beynimin kinolentində ilişib qalan xatirələr” və Nəzrin Məmmədlinin “Səs gəlmir artıq bu otaqdan” hekayələri yer alıb. “Esse” rubrikasında Qulu Ağsəsin “Ərzi-əsri-hal-namə”, Leyla Məmmədovanın “Çalıquşu, Atatürk və bağlanan qapılar”, Lamiə Nazimqızının “Bu mənəm” yazıları təqdim edilir. “Tərcümə saatı” rubrikasında Cəlil Cavanşirin tərcüməsində alman yazıçısı Volfqanq Borxertin “Ancaq siçanlar gecələr yatırlar” hekayəsi dərc olunub. “Müsahibə” rubrikasında Pərvanə Eyvazqızının Bahəddin Həzi ilə söhbəti yer alıb. Müsahibə “Bütün arzuların heç də çin olmaq haqqı yoxdur” başlığı ilə təqdim edilir.
“Şeir vaxtı” rubrikasında Arzu Əyyarqızı və Gülayə Şınıxlının şeirləri oxuculara təqdim olunur. “Tribuna”da Röya Rəcəbovanın “Hüquqi şahidlikdən kosmik şahidliyə: “Ayın şahidliyi” hekayəsində susma və mənəvi məsuliyyət problemi” yazısı yer alıb. “Türk eli” rubrikasında Musa Kazım Arıcanın “Xarıbülbülün kölgəsində sözün yurdu” yazısı dərc edilib. “Anım” rubrikasında Yəhya Abbasov Qoca Xalidin “Seçmə şeirlər” tərcümə kitabından – “Tərcümə dilinin xəlqilik təbiəti”ndən bəhs edir. “Təbriz eli” rubrikasında Pərvanə Məmmədlinin “Gözəllik, azad Vətən bayrağının öpüşüdür” yazısı təqdim olunur.
“Ulduz”un bu nömrəsində “Məhsətilərin söhbəti: 12:21”, Pərvanə Bayramqızı və Nadir Qüdrətoğlunun şeirləri də yer alıb. “Dərgidə kitab” rubrikasında Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” VII yazısı təqdim edilir. “Dərgidə sərgi” rubrikasında isə Ramil Yunusun fotoları yer alıb.