İDMAN
Paytaxt derbisində qalib müəyyənləşməmişdir
Bakı, 12 mart AZƏRTAC). Futbol üzrə Topaz Premyer Liqasının 23-cü turunda paytaxt derbisində qarşılaşan “Bakı” və “Neftçi” komandaları meydandan heç-heçə ilə ayrılmışlar.
AZƏRTAC xəbər verir ki, “Bakı”nın heyətində Marius Pena, rəqib komandadan isə Araz Abdullayev fərqlənmişlər.
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev bildirmişdir ki, istədiyimiz baxımlı oyunu göstərə bilmədik. Hava şəraiti də müəyyən qədər oyuna təsir etdi. İki fərqli hissələr izlədik. “Bakı” hesabda geri olduğundan ikinci hissədə daha çox hücuma atıldı. Bizim futbolçular həm müdafiədə, həm də hücumda hava ötürmələrindən istifadə edirdilər. Onlara isə ötürmələri yerlə vermək tapşırmışdım. Cavid İmamverdiyev oyuna əvəzetmədən daxil olsa da, heç nə ilə yadda qalmadı və zədələndi. Elvin Yunuszadəyə Marius Penaya qarşı diqqətli oynamağı tapşırmışdım, onun başla yaxşı oynadığını demişdim.
“Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviç vurğulamışdır ki, oyun bizim üçün xüsusi, bir o qədər də çətin oldu. Son bir ay ərzində oynadığımız oyunlarda uğurlu nəticələr əldə etdik. İlk dəqiqələrdən yaxşı oyun göstərdik, qol imkanlarımız oldu. Araz Abdullayev hissənin sonunda qapımıza qol vurdu. İkinci hissədə qapıya 8 zərbəmiz oldu, 11 metrlik cərimə zərbəsi qazandıq, qapı tirindən dönən topumuz oldu və gözəl qol vura bildik. Oyunda qalib gələ biləcəyimizi düşünürəm. Külək də müəyyən qədər oyuna təsir etdi. Futbolçularımı bu nəticə ilə təbrik edirəm.