ELM VƏ TƏHSİL
Paytaxt məktəblərinin vəzifəli şəxsləri üçün təşkil olunan bölmə iclasları yekunlaşıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı şəhərindəki ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, fənlər üzrə metodbirləşmə sədrləri, psixoloqlar və uşaq birliyi rəhbərləri üçün təşkil olunan bölmə iclasları yekunlaşıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərləri və əməkdaşlarının qatıldığı sonuncu iclaslar sentyabrın 14-də Nəsimi, Binəqədi, Xəzər və Pirallahı rayonları üzrə keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, bölmə iclaslarına Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər. Bölmə iclasları Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaq məqsədilə təşkil olunub.
Bölmə iclaslarında ötən tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlər, 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı “Fəaliyyət planı”na uyğun tədbirlərin görülməsi, məktəbin idarə olunması, cari və perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, qiymətləndirmə, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi məsələlərinə toxunulub.
Sonra qeyd edilən məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb.
Qeyd edək ki, bölmə iclasları paytaxtın 12 inzibati rayonu üzrə BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrini əhatə edib.
Bölmə iclaslarında səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək BŞTİ-yə təqdim olunacaq.