ELM VƏ TƏHSİL
Paytaxt məktəbliləri IV İslam Həmrəyliyi Oyunlarında qalib olublar
Bakı, 24 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, 138 nömrəli məktəbin XI sinif şagirdi Roman Heydərov İslamiada yarışlarında karate idman növü üzrə birinci yeri tutaraq qızıl medalın sahibi olub. Paytaxtdakı 277 nömrəli məktəbin XI sinif şagirdi Jalə Piriyeva isə bədii gimnastika üzrə bir qızıl, bir gümüş, bir bürünc medal qazanıb. Həmin məktəbin X sinif şagirdi Zöhrə Ağamirova da bədii gimnastika üzrə qızıl medala layiq görülüb.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında paytaxt məktəbliləri yaxından iştirak ediblər. Bakı məktəbliləri bu möhtəşəm idman tədbirinə könüllü kimi qatılaraq oyunların təşkilində fəallıq göstəriblər. Həmçinin “Məktəblinin dostu” layihəsi çərçivəsində bir çox tədris ocaqlarının şagirdləri “Bakı-2017”ni izləyiblər.