İDMAN
Paytaxtımızda keçirilən dünya yaş qrupları yarışlarında qarışıq cütlüklərin temp hərəkətində birinci təsnifat mərhələsinə yekun vurulub
Bakı, 3 mart, AZƏRTAC
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında qarışıq cütlüklərin temp hərəkətində birinci təsnifat mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 12-18 yaş kateqoriyasında mübarizədə İsrailin ikinci komandası 27,320 xalla birinci pillədə qərarlaşıb. Rusiyanın ikinci (27,250 xal) və birinci (27,050) ilk üçlükdə yer alıblar.
Azərbaycanı təmsil edən cütlüyümüz - Milana Əliyeva və Nizam Xamidulinin çıxışı hakimlər tərəfindən 27 xalla qiymətləndirilib. Cütlüyümüz dördüncü pillədə qərarlaşıb.
İkinci təsnifat mərhələsi martın 4-də təşkil olunacaq. İki mərhələnin nəticəsinə görə, finala yüksələn akrobatlar müəyyənləşəcək.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.
Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.