İQTİSADİYYAT
Paytaxtın bir neçə küçə və prospektində rənglənmə işləri aparılacaq
Bakı, 21 aprel, AZƏRTAC
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Xəzər rayonu, Qala-Şüvəlan yolunda piyada keçidləri, yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Analoji işlər bu axşam 22.00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində (A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək başa çatdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.