İQTİSADİYYAT
Paytaxtın iki dairəsində nəqliyyat şəraiti yaxşılaşdırılır
Bakı, 15 aprel, AZƏRTAC
Paytaxtın yol infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində 4-cü mikrorayon və Biləcəri dairələri kimi tanınan ərazilərdə işlərə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, bu tədbirlər hər iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılmasına, mütəmadi olaraq müşahidə edilən tıxac və sıxlıq hallarının minimuma endirilməsinə, bundan başqa, münaqişə nöqtələrinin aradan qaldırılması ilə yol hərəkətinin təşkilində ən prioritet məsələlərdən biri olan piyada təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq.
4-cü mikrorayon dairəsində hərəkətin səmərəliliyinin artırılması məqsədilə mövcud dairənin həndəsi ölçüləri dəyişdirilir. Cavadxan (“Memar Əcəmi” metrostansiyası istiqamətindən) və 20 Yanvar küçələrindən dairəyə daxil olan və geriyə dönmə hərəkətini yerinə yetirmək istəyən nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təşkil edilməsi məqsədilə dairədə geriyə dönmə yerinin təşkili planlaşdırılır. Hüseyn Seyidzadə küçəsi və Mir Cəlal küçəsi vasitəsilə dairəyə doğru hərəkət edib, Z.Bünyadov prospekti istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələrinin isə dairəyə daxil olmadan düzünə hərəkəti təşkil olunacaq. Cavadxan və H.Seyidzadə küçəsinin kəsişməsində hərəkətin kanallaşdırılması məqsədilə ayırıcı adacıq inşa ediləcək. H.Seyidzadə küçəsi vasitəsilə (Eldar Babayev küçəsi istiqamətindən) dairə istiqamətində hərəkət edib sağa, Cavadxan küçəsinə yönəlmək istəyən nəqliyyat vasitələri üçün isə əlavə zolaq yaradılacaq.
Biləcəri dairəsi adlanan ərazidə də dairənin həndəsi ölçüləri dəyişdirilir. Həmçinin nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılır, mövcud avtobus dayanacaq məntəqələrinin yerləri dəyişdirilir. Həm dairənin, həm də Natəvan və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkət svetoforlarla tənzimlənəcək. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə nizamlanan piyada keçidlərinin təşkili nəzərdə tutulub.