ELM VƏ TƏHSİL
Paytaxtın məktəb direktorları ilə görüş
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, 276 nömrəli tam orta məktəbdə keçirilən görüşün məqsədi tədrisin təşkili, keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, onların təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və rəhbərlərinin məsuliyyətinin artırılmasıdır.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, təhsil idarəsinin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan M.Vəliyeva məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
BŞTİ müdirinin müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev kadrlarla iş, müəllimlərin işə qəbulu və yerdəyişməsi, müsabiqələrin təşkili, kargüzarlıq, maddi-texniki təminat və digər məsələlər barədə fikirlərini bildiriblər.