ELM VƏ TƏHSİL
Paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Bakıdakı 1 nömrəli tam orta məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədləri ilə keçirilir.
Qəbula gələn vətəndaşlar məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, dərslik, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.