İQTİSADİYYAT
Paytaxtın Nizami rayonunda piyada keçidi istifadəyə verilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Dekabrın 28-də Paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində, Heydər Əliyev parkının qarşısında yeraltı piyada keçidi istifadəyə verilmişdir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində son illər paytaxtın müxtəlif rayonlarında genişmiqyaslı tədbirlər həyata keçirilmiş, çoxlu sayda yol ötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidləri inşa edilmiş, müasir tələblər səviyyəsində yeni avtomobil yolları salınmışdır.
Tikintisi cari ilin fevral ayında başlanılmış keçidin uzunluğu 45 metr, eni 12 metr, hündürlüyü isə 3 metrdir. Keçiddə yağış və qrunt sularını kənarlaşdırmaq üçün drenaj xətləri çəkilmiş və nasosxana inşa olunmuşdur. Divarlara və döşəmələrə Türkiyə istehsalı olan mərmər vurulmuşdur. Pilləkənlərdə insanların sürüşməməsi üçün yanmış mərmərdən istifadə olunmuş, əlil arabaları üçün xüsusi yer ayrılmışdır.
Burada həmçinin müasir işıq sistemi quraşdırılmışdır.