CƏMİYYƏT
Paytaxtın təhsil ocaqlarında Beynəlxalq Sülh Günü münasibətilə aksiyalar keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Respublika Veteranlar Təşkilatı “Qələbənin varisləri” Beynəlxalq İttifaqı və Təhsil Nazirliyi ilə birgə Bakının Səbail rayonunda yerləşən 160 nömrəli klassik gimnaziyada və Nəsimi rayonundakı İlyas Əfəndiyev adına elitar gimnaziyada Beynəlxalq Sülh Gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Göyərçinim – sülh quşum” mənəvi birliyə çağırış tədbiri və aksiyalar keçirilib.
İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində təşkil olunan tədbirlərdə həmin təhsil ocaqlarının şagird və müəllimləri, Respublika Veteranlar Təşkilatının, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
160 nömrəli klassik gimnaziyada keçirilən tədbirdə məktəbin direktoru, Əməkdar Müəllim Faina Ələkbərova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, İlyas Əfəndiyev adına elitar gimnaziyadakı tədbirdə gimnaziyanın direktoru Sevda Quliyeva,
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış ediblər.
Çıxışlarda Beynəlxalq Sülh Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın zorla müharibəyə cəlb edilməsinə baxmayaraq, ölkəmizin tolerant, daim sülh tərəfdarı olmasından danışılıb. Qeyd edilib bu gün, həmçinin bütün məktəblərdə sülh dərsləri, müxtəlif müsabiqələr keçirilib.
Bildirilib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbəyə mühüm töhfələr verən Azərbaycan bu beynəlxalq aksiyada fəal iştirak edir. Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib. Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu, Azərbaycan xalqının qəhrəmanlığının bariz nümunəsidir.
Qeyd olunub ki, Beynəlxalq Sülh Günü münasibətilə keçirilən tədbirlər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımın böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz töhfələrini verməlidirlər.
Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinə ehtiram əlaməti olaraq əllərində tutduqları şarları havaya buraxıblar.
Həmin gün hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokonfransda iştirak ediblər. Videokonfransda Azərbaycanın dünyada sülhün bərqərar olması istiqamətində dəyişməz mövqeyi və xalqımızın sülh, əmin-amanlıq istəyi bir daha bəyan olunub.