ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə keyfiyyət təminatı və tələbələrlə iş sahəsində yeni yanaşmalar tətbiq edilir
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. İclasda universitetin rektoru professor Cəfər Cəfərov çıxış edib və ötən dövr ərzində bir nəfər professor, beş nəfər isə dosent elmi adı almış əməkdaşlara diplomlarını təqdim edib.
Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov 2020-2021-ci tədris ilində ADPU-nun professor-müəllim heyətinin reytinq qiymətləndirilməsinin yekunları haqqında məruzə edib. Diqqətə çatdırılıb ki, artıq 4 ildir Pedaqoji Universitetdə əməkdaşların reytinq qiymətləndirilməsi həyata keçirilir və bu sahədəki fəaliyyətin təkmilləşdirilməsi üzərində davamlı iş aparılır. Son qiymətləndirmənin nəticələrinə görə müxtəlif fakültə və kafedraların əməkdaşları olan 160 nəfər professor-müəllimin mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, reytinq qiymətləndirilməsində əməkdaşların elmi tədqiqat fəaliyyəti, tələbə məmnunluğu və sosial aktivlik üzrə parametrlər nəzərə alınır.
Daha sonra ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli çıxış edib. Diqqətə çatdırıb ki, hesabat dövründə şöbə tərəfindən universitetin ictimaiyyətlə və tələbələrlə əlaqələrini təkmilləşdirmək istiqamətində yeni mexanizmlər tətbiq olunub, universitetin qəzetinin yeni tərtibatda nəşrinə başlanılıb, ADPU-nun 100 illik yubileyi ilə bağlı kitablar və çap məhsullarının hazırlanması, təşkilati məsələlər yüksək səviyyədə yerinə yetirilib. Ötən bir il ərzində ADPU-nun tələbə təşkilatlarının fəaliyyətini də diqqətəlayiq hesab etmək olar. Qeyd olunmalıdır ki, ADPU TGT bu il artıq üçüncü dəfə ardıcıl olaraq “İlin TGT-si” seçilib.
Məruzələr ətrafında çıxış edənlər şöbələrin fəaliyyətini yüksək qiymətləndiriblər.
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.
Sonda rektor Cəfər Cəfərov yekun nitqi söyləyərək qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verib.