DÜNYA
Pens Pxenyana xəbərdarlıq edib və Seulu dəstəklədiyini bildirib
Vaşinqton, 18 aprel, AZƏRTAC
ABŞ-ın vitse-prezidenti Mayk Pens bazar ertəsi Şimali və Cənubi Koreya arasında sərhəddə olarkən öz bəyanatında Şimali Koreyanın hökumət orqanlarına xəbərdarlıq edib. Qeyd edib ki, bu yaxınlarda Suriya və Əfqanıstanda ABŞ hərbi zərbələri Prezident Donald Trampın hərbi əməliyyat əzmini göstərdi, lakin rəsmi Pxenyan raket və nüvə sınaqlarını davam etdirməyə söz verib.
Ötən həftə Pxenyanda parad zamanı Şimali Koreyanın raket potensialının nümunəvi çıxışından və bu dövlətin uğursuz raket sınağından sonra ABŞ hökuməti Pekinin müttəfiqi olan Şimali Koreyanın “ipini yığmasında” əlavə cəhdlərinə görə Çinə təşəkkür edib. Lakin vitse-prezident Mayk Pens və Cənubi Koreya Prezidentinin səlahiyyətlərini icra edən Xvan Qyoan bildiriblər ki, Çinin etirazına baxmayaraq, tezliklə Cənubi Koreyada ABŞ-ın raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsinə başlanılacaq.
Şimali Koreyanın BMT-dəki nümayəndəsinin müavini Kim İn Ryonq öz növbəsində Vaşinqtonu “istənilən vaxt nüvə müharibəsinin baş verə biləcəyi vəziyyət” yaratmaqda ittiham edib.
Şimali Koreyanın təkrar raket sınaqlarından və Pxenyanın BMT sanksiyalarını pozaraq tezliklə altıncı nüvə bombası sınağını keçirə biləcəyi təhlükələrindən sonra Koreya yarımadasında gərginlik artıb. Ağ Ev Şimali Koreyanın ABŞ-ın əsas ərazisinə zərbə vura bilən nüvə döyüş başlıqlı raket hazırlamasından narahatdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton