CƏMİYYƏT
“Pensiya sistemi və onun əsas prioritetləri” mövzusunda ixtisasartırma kurslarının təşkilinə başlanılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi “Pensiya sistemi və onun əsas prioritetləri” mövzusunda ixtisasartırma kurslarının təşkilinə başlayıb.
Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin mütəxəssisləri üçün nəzərdə tutulan kursların təşkili müvafiq sahədə çalışan əməkdaşların pensiya sisteminə dair bilik və təcrübəsinin artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin müvafiq sahədə dünya təcrübəsi ilə tanışlığına şərait yaradılması məqsədinə yönəlib.
Kurslar nazirliyin struktur bölmələrində çalışan dövlət qulluqçularının mütəmadi olaraq ixtisaslarının artırılması üzrə 2017-ci il üzrə təsdiq edilmiş tədris proqramına əsasən həyata keçirilir. Müvafiq tədris qrafikinə uyğun olaraq cari ilin sonunadək kurslara Fondun rayon (şəhər) şöbələrinin pensiya sektorlarının müdirləri, baş məsləhətçiləri və məsləhətçilərindən ibarət 300 nəfərədək mütəxəssisin cəlb olunması nəzərdə tutulub.
Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mütəxəssisləri üçün “Tibbi-sosial ekspertizanın və əlillərin reabilitasiyası işinin təşkilinin əsas məsələləri”, habelə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının mütəxəssisləri üçün “Əhalinin sosial müdafiəsi sistemi və onun əsas prioritetləri” mövzusunda metodik vəsaitlərin hazırlanması işlərini də davam etdirir.