DÜNYA
Pərvan əyalətində terror aktı nəticəsində həlak olanların dördü çexiyalı hərbi qulluqçudur
Praqa, 9 iyul (AZƏRTAC). Çexiya Prezidenti Miloş Zeman Əfqanıstanda həlak olan Çexiya hərbçilərinin yaxınlarına başsağlığı vermişdir. Əsgərlərin ölümünün əbəs olmadığını vurğulayan prezident demişdir: “Əfqanıstanda döyüşlər nə qədər intensiv aparılsa, günahsız vətəndaşların terrorçuların əməllərindən zərər çəkməsi riski bir o qədər azalar”. Çexiya dövlətinin başçısı vəd etmişdir ki, o, həlak olmuş əsgərlərin tabutlarını hava limanında qarşılayanlar arasında olacaqdır
Çexiya Müdafiə Nazirliyi Əfqanıstanın Bəqram şəhərində törədilən terror aktı zamanı həlak olmuş hərbi qulluqçuların dul xanımlarına və uşaqlarına bir milyon kron (təqribən 37 min avro) məbləğində birdəfəlik kompensasiya, habelə hər ay müavinət ödəyəcəkdir. Müdafiə Nazirliyinin nümayəndəsi Petr Medek bildirmişdir ki, bütün dəfn xərclərini də ordu öz üzərinə götürəcəkdir.
Terror aktı nəticəsində dörd Çexiya əsgəri həlak olmuş, daha bir əsgər yaralanmışdır. Çexiya Baş Qərargahının başçısı Petr Pavel bildirmişdir ki, intiharçı-terrorçu hərbçilərin söhbət etdikləri yerli sakinlər arasında gizlənmişdir. Onun əynində xalq polisinin forması olmuşdur. Kütlənin içində çoxlu qadın və uşaq olduğu üçün əsgərlər sayıqlığı itirmişlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa