İQTİSADİYYAT
“Petkim” neft-kimya holdinqinin xalis mənfəəti 14,5 faiz artıb
Bakı, 3 mart, Nihad Budaqov, AZƏRTAC
“Petkim PetroKimya Holding A.Ş.” 2016-cı ili 731,7 milyon türk lirəsi (200,1 milyon dollar) xalis mənfəətlə başa vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim” məlumat yayıb. Bildirilir ki, 2015-ci illə müqayisədə ötən il şirkətin xalis mənfəəti 14,5 faiz artıb.
2015-ci ildə şirkətin aktivləri 5 milyard 460,7 milyon türk lirəsi (1 milyard 493,1 milyon dollar) idisə, keçən ilin sonuna bu göstərici 6 milyard 268,5 milyon lirəyədək (1 milyard 714 milyon dollar) artıb. Ümumiyyətlə 2016-cı ildə şirkətin aktivlərində 14,8 faiz artım olub.
Keçən il şirkətin qısamüddətli öhdəlikləri 13,4 faiz artaraq 1 milyon 796 min 641 lirəyə (491 min 243 dollar), uzunmüddətli öhdəlikləri isə 31 faiz artaraq 1 milyon 402 min 447 lirəyə (383 min 461 dollar) çatıb. 2016-cı ildə “Petkim”in cəmi öhdəlikləri 3 milyon 199 min 88 min lirəyə (874 min 703 dollar) bərabər olub. Bu göstərici də 2015-ci illə müqayisədə 20,5 faiz çoxdur.
Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.