CƏMİYYƏT
“Petkim” şirkətində Afrikaya yardım aksiyasına başlanılmışdır
Bakı, 9 avqust (AZƏRTAC). Türkiyədəki “Petkim” şirkətinin kollektivi 40 milyon insanın daimi aclıq təhlükəsi ilə üzləşdiyi Afrikaya yardım əlini uzatmağı qərara almışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Petkim”in hər il Ramazan ayında açdığı iftar süfrələri ləğv edilmiş, bu il iftara xərclənməsi nəzərdə tutulmuş maliyyə vəsaiti Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülmüşdür. SOCAR-TURCAS birgə müəssisəsinin direktoru və “Petkim”in idarə heyətinin sədri Kənan Yavuz həyata keçirilən layihə haqqında bildirmişdir ki, Somali, Efiopiya, Keniya, Tanzaniya, Uqanda, Burundi və digər ölkələrdə yoxsulluq səviyyəsinin yüksək olması belə bir işi reallaşdırmağa təkan vermişdir. Bu səbəbdən şirkət Türkiyənin Dini İşlər üzrə Qurumunun “Hər evdən bir fitrə, bir iftar Afrikaya” layihəsini dəstəkləməyə başlamışdır. K.Yavuz digər şirkətləri də belə bir kampaniyaya dəstək verməyə çağırmışdır. Avqustun 5-də başlanmış aksiya şirkətdə könüllülük prinsipi əsasında iki həftə davam edəcəkdir.