İQTİSADİYYAT
Pirallahı qəsəbəsinin baş planının ilkin müzakirəsi aparılmışdır
Bakı, 6 iyul (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq yeni yaradılan Pirallahı rayonunun baş planın hazırlanması istiqamətində işlər görülür.
Bu işlərin tərkib hissəsi olan Pirallahı qəsəbəsinin baş planının hazırlanması isə artıq yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, ilkin müzakirəsi keçirilən baş plan Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Rayon icra hakimiyyəti tərəfindən keçirilən müzakirələrdə qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürülmüşdür. Bu təkliflərdə alternativ yolların salınması və küçələrin genişlənməsi, o cümlədən daxili magistral yolun çəkilməsi, yerüstü və yeraltı keçidlərin inşa edilməsi, yaşayış massivlərinin salınması, istirahət və əyləncə komplekslərinin tikintisi, su, kanalizasiya, elektrik, qaz xətlərinin baş planla uyğunlaşması və digər məsələlər öz əksini tapmışdır.