CƏMİYYƏT
Pirallahıda 3000-dən çox Eldar şamı əkilib
Bakı, 26 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu il ölkəmizin bütün bölgələrində mütəmadi olaraq kütləvi ağacəkmə aksiyaları təşkil edilir. Bu aksiyalar Bakıda da geniş vüsət alıb. Şəhərin müxtəlif ərazilərində, parklarda, istirahət bağlarında, prospektlərin və küçələrin kənarlarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri oktyabrın 18-dən 27-dək ölkə üzrə “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında yaxından iştirak edirlər.
Növbəti belə aksiya oktyabrın 26-da Bakı şəhər və Pirallahı rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə rayonun əsas magistral yolunun kənarındakı boş ərazidə keçirilib. Aksiyada 3000-dən çox Eldar şamı, 2000-dən çox oleandr kolu əkilib. Yeni əkilən ağaclara və kollara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb.