Pişiyin ağzı ətə çatmayanda...
Berlin, 15 dekabr, AZƏRTAC
ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki paytaxt şəhərinə səfəri başa çatıb.
AZƏRTAC həmsədrlərin ötən şənbə günü Bakıda görüşü haqqında xəbər vermişdi. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev danışıq prosesinin davam etdiyi bütün illər ərzində həmsədrlərin fəaliyyətinin “nəticələri”nə özünün verdiyi açıq qiymət barədə qonaqlarla fikir mübadiləsi aparıb. Dekabrın 14-də isə vasitəçilər Yerevanda Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşüblər.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin budəfəki səfəri — müharibə başa çatandan və yeni status-kvo yaranandan sonra onların ilk səfəridir.
Maraqlıdır ki, vasitəçilər bu dəfə Xankəndiyə getmədilər. Hamımız xatırlayırıq ki, əvvəllər onlar iki paytaxt şəhərindən başqa Qarabağa da səfər edir, orada separatçıların qondarma liderləri ilə görüşürdülər (Bakıda keçirilən görüşlərdə Dağlıq Qarabağ regionunun Azərbaycan icmasının nümayəndələri həmişə iştirak edirdi).
Yerevandakı işğalçıların əlində Qarabağ oyuncağı olan Araik Arutyunyan artıq heç kəsin öz səfəri ilə onu “şərəfyab etməyəcəyini” eşidəndə danışıqların əvvəlki formatını bərpa etmək ümidi ilə dərhal Ermənistanın paytaxtına cumub.
Ancaq orada artıq onu qəbul etmədilər. Onu başa saldılar ki, o, artıq heç kəsdir. Onun adı hesabdan silinib. Tarix arxivinə, gözdən uzaq bir rəfə yerləşdirilib.
Lakin Araik bu biabırçı vəziyyətlə sakitcə barışsaydı, Araik olmazdı. Biləndə ki, artıq heç kim onu görmək istəmir, o, görüşü ... “ləğv etməyi” qərara aldı və bunun “səbəbi” kimi çox səfeh bir izahat fikirləşdi: guya, Minsk qrupu “tam heyətdə olmadığına”, yəni rusiyalı həmsədrin həmin görüşdə iştirak etmədiyinə görə bu qərara gəlibmiş...
Müdriklər belə yerdə deyiblər: “Pişiyin ağzı ətə çatmayanda...”
Araik, sən demək istəyirsən ki, müharibədən sonra həmsədrlərlə birinci görüşü sən özün ləğv etmisən? Gülməlidir, amma əsla inandırıcı deyil! Səni sadəcə qəbul etmədilər! Artıq insanları güldürmə!
Bütün bunlar - müzəffər Azərbaycan xalqının Vətən müharibəsində qələbəsindən sonra regionda yaranmış yeni reallıqların nəticəsidir.
Hər şey bitdi, artıq nə “arsax” var, nə də “Dağlıq Qarabağ münaqişəsi”. Hər şey keçmişdə qaldı. Elə sənin xam xəyalların da!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin