DÜNYA
Piter Mutharika Malavidə ümumi seçkilərdə qalib gəlmişdir
Bakı, 31 may (AZƏRTAC). Mayın 20-də Malavidə keçirilən ümumi seçkilərdə Demokratik Mütərəqqi Partiyanın lideri Piter Mutharika qalib gəlmişdir. “Röyter” informasiya agentliyi yerli seçki komissiyasının məlumatına istinadla xəbər verir ki, P.Mutharika seçicilərin səslərinin 36,4 faizini toplamışdır.
Malavi Mərkəzi Seçki Komissiyasının məlumatına görə, P.Mutharikanın əsas rəqibi - seçicilərin səslərinin 20,2 faizini toplayan prezident Coys Banda üçüncü yerdə qərarlaşmışdır. İkinci yeri 27,8 faiz səslə Malavi Konqresi Partiyasının lideri Lazurus Çakvera tutmuşdur.
Seçicilərin fəallığı 70,8 faiz təşkil etmişdir. Ölkədə 7,5 milyon nəfərdən çox seçici qeydiyyata alınmışdır.
Səsvermə günü seçici məntəqələrinin çoxu xeyli gec açılmışdır. Nəticədə iğtişaşlar yaranmışdır. Ordu bölmələri cəlb edən hakimiyyət orqanları səsvermənin müddətini bir gün uzatmışlar. Kompyuter sistemi sıradan çıxdığı üçün seçki komissiyası səsləri əllə hesablamağa məcbur olmuşdur. Bu, prezident C.Bandanın səsvermənin nəticələrini ləğv etməsinə və 90 gün sonra təkrar səsvermə təyin etməsinə əsas vermişdir.
MSK-nın başçısı Makson Mbendera iddia ərizəsi ilə Ali Məhkəməyə müraciət edərək bildirmişdir ki, seçkilərin nəticələrini yalnız seçki komissiyası ləğv edə bilər. Məhkəmə onun xahişini dəstəkləmişdir.
Mayın 30-da Malavidə iğtişaşlar olmuşdur. Prezident P.Bandanın tərəfdarlarının fikrincə, seçkilərin nəticələri saxtalaşdırılmışdır. Onlar təkrar səsvermə keçirilməsini tələb edirlər. Ölkənin işgüzar paytaxtı Blentayrda gücləndirilmiş polis dəstələri keşik çəkirlər.