CƏMİYYƏT
Plastik qablarda saxlanılan ərzaq məhsulları insan orqanizmi üçün təhlükəlidir
Bakı, 8 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
Plastik materialların insan orqanizminə nə qədər ziyanlı olması barədə yeni araşdırma aparılıb.
AZƏRTAC “Focus-online” portalına istinadla xəbər verir ki, tərkibində plastik materiallar olan qablarda hormonlara bilavasitə təsir göstərən kimyəvi elementlər mövcuddur.
Avropa alimləri tədqiqatlar əsasında bu fikrə gəliblər ki, həmin maddələr kassa çekləri, konserv bankaları və kosmetik əşyalarda da var. Həmin elementlər qidaya keçir və nəticədə orqanizmdə maddələr mübadiləsi yaradaraq artıq çəki və şəkər xəstəliyinə səbəb olur. Plastik qabların tərkibində Bisfenol A karbohidratı, virus və bakteriya əleyhinə istifadə olunan pestisit adlı zəhərli kimyəvi maddələr var.
Alimlər xəbərdarlıq edir ki, sintetik kimyəvi maddələr insan orqanizmində şəkər, piylənmə, sonsuzluq və xərçəngin müxtəlif növlərinin yaranmasında başlıca rol oynayır. Buna görə də qida məhsullarının mümkün qədər plastik qablarda deyil, şüşə qablarda saxlanılması tövsiyə edilir. Həmçinin diqqətə çatdırılır ki, qida məhsullarını plastik qabda qızdırmaq olmaz. Əks halda bütün zəhərli maddələr yeməyə keçə bilər.