POLAD BÜLBÜLOĞLU MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Moldova Respublikasının Prezidenti Vladimir Voroninin Fərmanı ilə Azərbaycanın mədəniyyət naziri, xalq artisti, professor Polad Bülbüloğlu bu ölkədə incəsənət xadimlərinə verilən ən yüksək “OM EMERİT” mükafatına layiq görülmüşdür.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 2-də Vladimir Voronin məşhur Azərbaycan sənətçisinə hörmət və ehtiram əlaməti olaraq mükafatı Polad Bülbüloğluna şəxsən təqdim etmişdir. Moldova Prezidenti görüş zamanı zəngin tarixə və qədim ənənələrə malik ölkəmiz və xalqımız haqqında dəyərli fikirlər söyləyərək, dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirmişdir. O, Moldovadakı Azərbaycan diasporunun müsbət fəaliyyətini də xüsusi vurğulamışdır. Ölkələrimiz arasında mədəni əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümid bəslədiyini bildirən Prezident qarşılıqlı festivalların, müsabiqələrin keçirilməsini, habelə opera teatrı və təsviri sənət sahəsində əlaqələrin yaradılmasının vacibliyini nəzərə çarpdırmışdır.
Görüşdə Moldova Respublikasının mədəniyyət naziri Vyaçeslav Madan və digər rəsmi şəxslər iştirak etmişlər.
X X X
Polad Bülbüloğlu Moldovada “Mertsişor” Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində çıxış etmişdir.
Festivalda ölkəmizi təmsil edən əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacılarının, Bilal Əliyevin və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Gülüstan Əliyevanın çıxışları hərarətlə qarşılanmışdır.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrin Moldovadakı səfirliklərinin nümayəndələri də iştirak etmişlər.